Səxavət Əmirxan oğlu Məmmədov 23 oktyabr 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub.

Muğama sonsuz sevgiylə...

Muğama vurğunluğu onu çox gənc ikən sənətə gətirdi. Səxavət hələ özü oxumamışdan ürəyi quş kimi ötürdü.

Yaşı, tarixi əsrlərin o üzünə gedib çıxan muğamda yeni cığır açmaq asan deyildi, amma Səxavət bunu bacardı. O, artıq 20 ildi bu dünyadan köçüb, amma bunu kimə deyirsən? – Səsə heç vaxt zaval yoxdu: nə o dünyada, nə də bu dünyada...

Xanəndənin yaradıcılıq yolu

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

Yolda qəza

Bayaqdan sadalanan rəqəmlər xoşbəxtlikdən danışırdı. 30 sentyabr 1991-ci il... Bu tarixsə Səxavətin başdaşına yazılası oldu. Yolda qəza, vur-tut 38 yaş və faciəvi sonluq.

Əsl xanəndə, vətənpərvər oğul

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı. O təkcə oxumur, həm də erməni təcavüzünə qarşı dayanan yerli özünümüdafiə dəstələrinə yardım edirdi. İndi qəbri işğal altında qalan Səxavət özü də bir əsgər, bir şəhiddi...

Sönməyən ocaq

İndi Səxavət Məmmədovun adını daşıyan “Qarabağ” instrumental ansamblına xanəndənin kiçik qardaşı, əməkdar artist Fehruz Səxavət başçılıq edir. Onun mahnıları dillərdən düşmür. Ukraynada yaşayan həmyerlimiz Burzu Əliyev onun bütün irsini tapıb nəşr etdirir. Uzun müddət bərpa olunan sınıq-salxaq lent yazılarının ilk diski 2003-cü ildə Kiyevdə işıq üzü gördü. “Azad bir quşdum” adlı CD-nin ayağı düşərli oldu. 2007—2008-ci illərdə Səxavətsevərlər “Səxavətli muğamlar” və “Səxavətli mahnı və təsniflər” disklərini əldə etdilər. Təmənnasız paylanan albomların içi kimi çölü – tərtibatı da göz oxşayır. 2003-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrı, 2008-ci ildə Dövlət Filarmoniyasında 50 və 55 yubileyləri yüksək səviyyədə keçirilən Səxavət Məmmədovun irsi bu gün də toplanır və növbəti çapını gözləyir.

2013-cü ildə 60 yaşı qeyd olunacaq xanəndənin səs xəzinəsi bütövlükdə ixtiyarınızda olacaq.

1953, 1971,1989, 1991, 2003, 2008... Rəqəmlər Səxavət haqda çox az söz deyir. Onun barəsində ən yaxşı sözü... elə onun səsi deyəcək...