...Məni hamı xanəndə kimi tanıyır. Əslində... mən oxumuram. Danışıram. Quş dilində. Bu dildə qeybət eləmək olmur. Yalan danışmaq, ara vurmaq, ev yıxmaq olmur. “Bu quş dilidi”... Yaxşı ki, bu dili təkcə Süleyman peyğəmbər bilmir. Ayağımın altında dəniz kimi dalğalanan torpaq bilir, qanadlarımla yelpiklədiyim göy üzü bilir. Deyəsən, özüm də bir az öyrənmişəm. Quş dilini yaxşı öyrənəndən sonra susmaq istəyirəm. Əlbəttə, quş dilində! Quş dilində susmaq sözləri köməyə çağırmadan oxumaqdı. Mən buna can atıram...

...İnsan bir neçə dəfə doğulur. Hərənin də öz missiyası. İşini vaxtında görənlər sınaqdan üzüağ çıxdıqları üçün bir də bu dünyaya ezam olunmurlar. Mən belələrinə həsəd aparıram. Görəsən, mənə də həsəd aparan olacaqmı?..

...Dünya zəhərlənib: yalanla, qarğışla, tüstüylə. Dünya boğulur. Amma qorxusu yoxdu. Dünyanın ayağı yeriməsə, gözü tutulsa, dili batsa da olar.Təki qulağı eşitsin! Onun havasını təmizləməyə, gözünü, ayağını, dilini açmağa bir quş səsi bəsdi...

...Vədə tamam olanda insanın ayağı yerdən üzülür, quşun göydən. Mən ayağımı uçduğum göydən üzə bilərəm, doğulduğum yerdən yox. Mən əlimi Allahdan üzə bilərəm, Qarabağdan yox.

Torpağa düşsəm də,

Bu gənc yaşımda...

Səxavət Məmmədov